Müdafiə naziri general-polkovnik Zakir Həsənova qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslər tərəfindən təlimlərin gedişi barədə məruzələr edilib.
“Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Z.Həsənova qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslər tərəfindən təlimlərin gedişi barədə məruzələr edilib”, - deyə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələr dinlədildikdən sonra qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verilib.
Sentyabrın 20-dək davam edəcək təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.
Təlimin mövzusunda dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və azad edilmiş ərazilərdə əlverişli hədlərin tutulması üzrə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.
Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçirilən təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqlar icra edilir.
Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçirilir.*
F.İsazadə