2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 154 mln. 430,1 min ton yük daşınıb ki, bu da 2018-ci ilin yanvar-avqust aylarının göstəricisindən 1,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 82,6% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 17,4% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin yanvar-avqust aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3% artıb.
Hesabat dövründə dəmir yolu ilə 9 mln. 550,6 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,5% çoxdur.
Dəniz nəqliyyatı ilə 4 mln. 87,9 min ton (azalma 26,5%), avtomobil nəqliyyatı ilə 101 mln. 419,8 min ton (artım 2,7%), hava nəqliyyatı ilə 126,6 min ton (azalma 6,4%) müxtəlif yük daşınıb.
Yanvar-iyul aylarında daxili neft kəmərləri vasitəsilə 26 mln. 384,4 min ton neft (azalma 3,6%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
B.Rüstəmbəyov