1 sentyabr 2019-cu il tarixinə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan indiyədək 492 mln. ton neft hasil edilib. Bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
“1 sentyabr 2019-cu il tarixinə olan vəziyyətə görə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 492 mln. ton neft və 161 mlrd. kubmetr qaz hasil edilib. 287 mln. ton və ya blokdan ümumi hasilatın 58%-i Azərbaycanın mənfəət neftinin payına düşüb”, - deyə X.Yusifzadə rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirib.
O deyib ki, cari ilin 8 ayı ərzində blokdan 18 mln. ton neft hasil edilib. Bunun təxminən 77%-i və ya 13,664 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.
Bundan başqa, 2019-cu il sentyabrın 1-nə Azərbaycan neftinin dünya bazarlarına ixrac həcmi 554 mln. ton təşkil edib ki, bunun da 396 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 mlrd. məbləğində qiymətləndirilir.*
N.Abbasova