2006-2019-cu illərdə “Şahdəniz” yatağından ümumilikdə 110 mlrd. kubmetrdən çox qaz hasil edilib. Bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
1 sentyabr 2019-cu il tarixinə olan vəziyyətə görə, “Şahdəniz” yatağının işlənilməyə başlanıldığı dövrdən (2006-cı ilin dekabr ayından – İF) yataqdan 110 mlrd. kubmetrdən çox qaz və 27 mln. tona yaxın kondensat hasil edilib”, – deyə X.Yusifzadə rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirib.
O vurğulayıb ki, 1 sentyabr 2019-cu il tarixinə “Şahdəniz” yatağından hasil edilən təbii qazın 8,7 mlrd. kubmetri Gürcüstana, 63 mlrd. kubmetri Türkiyəyə ixrac edilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.*
N.Abbasova