Müstəqillik dövrü ərzində Azərbaycan iqtisadiyyatına ümumi investisiyalar $265 mlrd., neft-qaz sektoruna - $101 mlrd. təşkil edib. Bunu SOCAR şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev qeyd edib.
“İndiyədək Azərbaycan iqtisadiyyatına təqribən $265 mlrd., neft-qaz sahəsinə - $101 mlrd. yatırılıb. Yalnız “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsində $36 mlrd. yatırılıb”, - Abdullayev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirir.
O vurğulayıb ki, son 25 il ərzində Azərbaycanda qaz hasilatı 5 dəfə, son 11 il ərzində - 30,3% artıb. Son 11 ildə qaz ixracı 5 dəfədən çox artıb.
Abdullayev qeyd edib ki, 2019-cu ildə Azərbaycanda qaz hasilatının artımı 20% təşkil edəcək.
“Gələcək illərdə də qaz hasilatının artım dinamikası yüksək qalacaq. Xəzərin Azərbaycan sektoru karbohidrogen ehtiyatları ilə zəngindir. Biz nəinki “Şahdəniz”dən, həm də “Abşeron”, “Qarabağ”, “Ümid” yataqlarından qaz hasilatından yaxşı nəticələr gözləyirik. Bundan əlavə, “Babək”, “Şəfəq”, “Asiman”, “Əşrəfi”, “Dan ulduzu”, “Aypara” strukturları üzrə böyük gözləntilər var”, - o qeyd edib.
SOCAR-ın prezidenti vurğulayıb ki, bunu nəzərə alaraq, Azərbaycan kimya sənayesi və qaz emalının inkişafı, daxili istehsal hesabına məhsul idxalının əvəz olunmasına dair yeni hədəflər qoyur.
Abdullayev qeyd edib ki, son 10 il ərzində SOCAR-ın aktivləri 4 dəfədən çox, dövriyyəsi 26 dəfədən çox artıb. **
A.Əzizov