Azərbaycan gömrükçüləri qaçalmalçılıq yolu ilə Gürcüstandan çıxarılan iri partiya alkoqollu içkilərin reallaşdırılmasının qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Həyata keçirilən əməliyyat zamanı Xankişiyev Zaur Vəzirağa oğlu saxlanılıb. Onun avtomobilində aksiz markasız 161 ədəd müxtəlif markalı və həcmli alkoqollu içki aşkar edilərək götürülüb. Daha sonra Badamdar qəsəbəsində evlərdən birində baxış keçirilib. Nəticədə 1286 ədəd alkoqollu içki, həmçinin aksiz markasız müxtəlif adda 20,6 min ədəd siqaret aşkar olunub”, - Komitədən qeyd olunur.
Aşkar olunan külli miqdarda alkoqollu içki və tütün məmulatının ümumi dəyəri 300 min manatdır.
Bundan əlavə, əməliyyat-axtarış tədbirləri zamanı ölkə ərazisinə qanunsuz yollarla gətirilən aksiz markasız alkoqollu içkilərin realizə olunması işinə rəhbərlik edən Bakı şəhər sakini Cəbrayıl Tamrazov ifşa edilərək təhqiqata cəlb olunub.
“Hazırda isə üzərində Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan məhsulların satış məqsədilə saxlanılması əməllərini törədən digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - məlumatda vurğulanır. **
X.Nəsirzadə