Azərbaycan Mərkəzi Bankı (AMB) 3 aylıq notların satışına başlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Bu günədək AMB tərəfindən tədavül müddəti 28 gün olan notlar buraxılırdı.
Sentyabrın 20-də Mərkəzi Bankın tədavül müddəti 84 gün olan notları yerləşdiriləcək. Birinci hərraca çıxarılan həcm 30 mln. manatdır”, - deyə məlumatda bildirilir.
Notların ödəmə tarixi 16 dekabr 2019-cu ildir.
19 sentyabr 2019-cu il tarixinə olan vəziyyətə görə, ümumilikdə 670 mln. manat dəyərində notlar tədavüldədir (tədavül müddəti 28 gün - İF). Sonuncu hərracda bu notlar üzrə gəlirlilik illik 6,26% təşkil edib.
Qısamüddətli notlar dövriyyədə olan pul kütləsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş pul-kredit siyasəti vasitəsidir. Qısamüddətli notların sahibləri yalnız banklar ola bilər.*
A.Əzizov