“Azərbaycan Dəmir Yolları” (ADY) QSC “Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası”nın (TDƏŞ) üzvlüyünə qəbul edilib. Bu barədə ADY-nin məlumatında deyilir.
Bu qərar Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən “Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyasının XXVIII plenar iclasında qəbul edilib.
İclasda TDƏŞ-in 27-ci plenar iclasının qərarlarının icrası, Avropa-Asiya bağlantısında dəmir yolu dəhlizlərinin inkişafı, Asiya-Avropa bağlantısında konteyner qatarlarının tərkibində yük daşınmasının təşkili və həyata keçirilməsinin praktikası və problemləri, xətt xidməti və intermodal daşımaların inkişafı, nəqliyyat və logistika sahəsində rəqəmsallaşdırma, intellektual sistem və texnologiyaların tətbiqi, TDƏŞ-in “Elektron qatar” və “İnteqrasiya rəqəmsal platforması” layihələri müzakirə olunub.
Bundan başqa, Avropa-Asiya bağlantısında multimodal daşımaların fasiləsiz təşkilini təmin etmək üçün dəniz limanlarının infrastrukturunun və nəqliyyat imkanlarının inkişafı, Avropa-Asiya bağlantısında daşınan yüklərin təhlükəsizliyinin təmin edilməsi, TDƏŞ-in “Təhlükəsizlik qatarı” layihəsi, elektron yük monitorinqi sistemləri, yüklərin sığortalanması, TDƏŞ-in hökumət, beynəlxalq və qeyri-hökumət qeyri-kommersiya təşkilatlar ilə əməkdaşlığı, Transavrasiya dəmir yolu və multimodal daşımalarının inkişafının iqtisadi aspektləri, mövcud vəziyyəti və perspektivləri müzakirə obyekti olub.
Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurasının yaradılması haqqında Bəyannamə 1993-cü il noyabrın 23-də Moskvada imzalanıb. Hazırda Şurada 100-ə yaxın şirkət, o cümlədən 24 ölkənin - Almaniya, Avstriya, Belarus, Bolqarıstan, Estoniya, Finlandiya, Fransa, Çin, Çexiya, İsveçrə, İsveç, Koreya Respublikası, Latviya, Litva, Macarıstan, Monqolustan, Norveç, Polşa, Qazaxıstan, Rusiya, Slovakiya, Ukrayna və Yaponiyanın dəmir yolları, dəniz limanları, nəqliyyat və logistika, sığorta, konsaltinq, informasiya texnologiyaları şirkətləri, mühafizə və istehsal müəssisələri, milli operator və ekspeditor assosiasiyaları təmsil olunmaqdadır. Şuranın əsas vəzifəsi Transavrasiya marşrutlarına əlavə yük həcmini cəlb etmək məqsədilə Avropa-Asiya bağlantısında yük daşınması iştirakçılarının fəaliyyətini əlaqələndirməkdir.*
X.Nəsirzadə