Azərbaycanda avtomobil şini zavodunun tikintisinə 2020-ci ilin əvvəlində başlanıla bilər. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“Layihənin texniki-iqtisadi əsaslandırması bu ilin sonuna qədər hazır olacaq. Düşünürəm ki, gələn ilin əvvəlində Sumqayıt Kimya Sənaye Parkında müəssisənin tikintisinə başlanılacaq”, - deyə nazir bu gün jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, cari ilin aprel ayında Azərbaycan və Çin şirkətləri Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində $821 mln. məbləğində sazişlər imzalayıb. Xüsusilə CNEEC şirkəti ilə Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun tikintisinə dair saziş imzalanıb. Zavodun tikintisinə $300 mln. sərmayə qoyulcaq.
Parkın rezidenti statusuna malik olan 19 şirkət tərəfindən layihələrə investisiya qoyuluşları $3 mlrd. məbləğində qiymətləndirilir.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.*
B.Rüstəmbəyov