SOCAR şirkəti (ARDNŞ) hava şəraitinin pisləşməsi ilə əlaqədar 500-dən çox neftçini təxliyyə edib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.
“21-22 sentyabr tarixlərində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.Bütün sahələrdə maarifləndirmə işləri aparılmış, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub. Hava və dəniz nəqliyyatları vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılıb”, - məlumatda deyilir.
Bundan əlavə, SOCAR-ın məlumatına görə, mümkün fövqəladə vəziyyətlə əlaqədar mövcud vəziyyət daimi nəzarət altındadır.
“Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir. 22 Sentyabr səhər saatlarında hava şəraitinin normallaşması gözlənilir”, - məlumatda vurğulanır.
ETSN-nin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, sentyabrın 21-dən sentyabrın 22-si səhərə qədər Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi proqnozlaşdırılır. Sentyabrın 22-dən şimal-qərb küləyi mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. **
N.Abbasova