Azərbaycan Turizm Bürosu Çinin ən böyük iki onlayn platforması - "Ctrip" və "Qyer" ilə əməkdaşlığa dair memorandum imzalayıb. Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bəyan edib.
ATB-nin məlumatında sözlərindən sitat gətirilən Zenqstşmid qeyd edib ki, memorandumun imzalanmasında məqsəd Çin bazarına yönəlmiş turizm məhsullarının ortaq əməkdaşlıqla inkişaf etdirilməsi və Azərbaycana səfər edən Çin vətəndaşlarının sayını artırmaqdır.
Həmçinin, Zenqstşmid vurğulayıb ki, 2019-cu ildə Azərbaycana səfər edən turistlərin sayı mühüm dərəcədə artıb: cari ilin yanvar-avqust aylarında 2018-ci ilin analoji dövrü ilə müqayisədə turistlərin sayında 30% - 17 min nəfərədək artım olub.
16-21 sentyabr tarixlərində Büro tərəfindən Pekin, Şanxay və Quançou şəhərlərində Azərbaycanın turizm potensialının təqdimatı olub. Görüşlərdə Azərbaycandan 12, Çinin 250-ə yaxın turizm şirkəti iştirak edib. Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (formatlı görüşlər baş tutub.
2018-ci ildən etibarən Azərbaycan Turizm Bürosu Çində rəsmi nümayəndəlik açıb.
Azərbaycanın məqsədi Çindən turis axının illik 200 min nəfərə qədər artırmaqdır. **
X.Nəsirzadə