SOCAR şirkəti (ARDNŞ) “Siyəzənneft” NQÇİ-nin Zağlı-Zeyvə yatağında səmt qazının yığılması məqsədilə yeni kompressor stansiyalarını istifadəyə verib. Bu barədə şirkətdən məlumat verilir.
“Kompressor stansiyası “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi çərçivəsində inşa edilib. Pilot layihənin icrası məqsədilə Zağlı-Zeyvə yatağının ərazisi seçilib. Kompressor stansiyasının istifadəy verilməsi ildə 6,8 mln. kubmetr səmt qazının yığılmasını təmin edəcək”, - məlumatda vurğulanır.
Kompressor stansiyalarının tikintisi 2 il ərzində davam edib. Ərazidəki 3 qaz yığım məntəqəsində yeni kompressor və separator avadanlıqları, soyuducu sistemlər və onlayn nəzarət sistemi quraşdırılıb, ümumi uzunluğu 32 km olan əsas qaz boru xətti çəkilib.
“Səmt qazı emal olunduqdan sonra əhalinin istehlakına yönəldiləcək. Beləliklə, 15 ətraf kənd üzrə 1,25 min abonentin təbii qazla təchizatı təmin olunacaq”, - məlumatda qeyd olunur.
“Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları (NAMA)” birgə layihəsi SOCAR və BMT İP tərəfindən 2015-ci ildən həyata keçirilir. Layihə 3 istiqamət üzrə həyata keçirilir: avtonəqliyyatın alternativ yanacağı keçidi; binaların enerji effektivliyinin artırılması; neft yatağlarından səmt qazınn yığılması.
2013-cü ildən başlayaraq, SOCAR hər il birgə müəssisələrində və digər əməliyyatçı şirkətlərdə atmosferə atılan çirkləndirici qazların ümumi miqdarının hesablanmasını həyata keçirir. **
N.Abbasova