Azərbaycan qazının Trans-Adriatik qaz kəməri (TAP) ilə İtaliyaya ixracına 2020-ci ilin III rübündə başlanıla bilər. TAP-ın idarəedici direktoru Luka Şippati belə hesab edir.
“TAP indiki İtaliya hökuməti üçün prioritetdir. Qaz İtaliyaya 2020-ci ilin üçüncü rübündə daxil ola bilər”, - deyə İtaliyanın “Agenzia Nova” nəşri L.Şippatiyə istinadən bildirir.
TAP konsorsiumundan verilən məlumata görə, 2019-cu ilin sentyabr ayının əvvəlinə boru kəmərinin tikintisi layihəsi üzrə işlərin (mühəndis və tikinti işləri də daxil olmaqla) 88,8%-dən çoxu icra edilib.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək. Layihənin səhmdarları BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. İxracın illik həcmi 10 mlrd. kubmetr təşkil edəcək.*
N.Abbasova