Azərbaycan Mərkəzi Bankı (AMB) 3-5 il ərzində hibrid inflyasiya hədəflənməsi rejiminə keçməyi planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri qeyd edirlər.
"Bu zaman AMB uçot dərəcəsi üzrə əməliyyat hədəfinə və məzənnənin sabit bazar göstəricisinə əsaslanacaq. Bu addım gələcəkdə inflyasiyanın tam hədəflənməsi üçün zəmin yarada bilər", - deyə fondun materiallarında bildirilir.
Eyni zamanda, BVF-nin ekspertləri hesab edirlər ki, hazırda müəyyən edilmiş sabit məzənnə (1,7 manat/$1 - İF) banklararası bazarın inkişafını məhdudlaşdırır.
Fond qeyd edir ki, kiçik bazar, likvidliyin idarə edilməsindəki çətinliklər, bankların həssaslığı və dollarlaşma AMB-nin faiz dərəcələrinə və inflyasiyaya təsir etməsini çətinləşdirir.
"Biz həm də Mərkəzi Bankın müstəqilliyinin möhkəmləndirilməsi, habelə üzən məzənnə rejiminə keçidin sürətləndirilməsi yolu ilə siyasətin əsaslarını təkmilləşdirməyi tövsiyə edirik", - deyə BVF-nin materiallarında qeyd olunur.*
Ə.Məmmədov