Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən 2019-cu ilin yanvar-avqust aylarında 92,992 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.
Xidmətə daxil olan vətəndaş müraciətlərinin bir qismində işəgötürənlər tərəfindən əməkhaqlarının, zərərə görə ödənclərin və s. sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib. Xidmət həmin müraciətlərin hər biri ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlərin görülməsini və bu ilin səkkiz ayında 92,992 min manatadək gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
“Həmçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 81 nəfər öz əvvəlki iş yerlərinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə