Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan hökumətini Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvolma prosesini sürətləndirməyə çağırıb.
"ÜTT-yə daxil olmaq Azərbaycanın daxili bazarında rəqabəti artıracaq və iqtisadiyyatın şaxələndirilməsinə kömək edəcək", - deyə BVF-nin materiallarında bildirilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, fond Azərbaycanda özəl sektorun inkişafı üçün struktur əngəllərin qaldığını qeyd edir. "Aparılan islahatlara baxmayaraq, Azərbaycanda özəl sektorun inkişafı hələ də zəif idarəetmə institutu, kiçik və orta sahibkarlığın (KOS) kreditlərə məhdud çıxışı, səmərəsiz əmək bazarı, ixracın konsentrasiyası (neft sektorunda - İF), məhdud rəqabət və bilik və bacarıqlarda böyük boşluqlarla məhdudlaşıb", - deyə fond vurğulayır.
"Dövlət sektorunun rolu yüksək olaraq qalır və dövlət müəssisələrinə göstərilən dəstək artımı daha çox stimullaşdıran investisiyaları sıxışdırır. Bu isə qeyri-rəsmi məşğulluğun artması, birbaşa xarici sərmayələrin azalması, KOS-un zəif inkişafı və məhsuldarlığın aşağı düşməsi deməkdir", - deyə materiallarda bildirilir.
Azərbaycan 1997-ci ildə ÜTT-yə üzv olmaq üçün ərizə verib.
Azərbaycan 2007-ci ildə Türkiyə, 2008-ci ilin may ayında Oman və BƏƏ, 2010-cu ilin may ayında Gürcüstan, 2012-ci ildə Qırğızıstanla ÜTT-yə daxil olmaqla bağlı danışıqların başa çatması haqqında ikitərəfli protokol imzalayıb.*
Ə.Məmmədov