Sahibkarlığın İnkişafı Fondu (SİF) Bakının Pirallahı rayonunda fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Bu gün SİF tərəfindən Bakının Pirallahı rayonunda fəaliyyət göstərən sahibkarlara 2,6 mln. manat ümumi məbləğdə güzəştli kredit verilib. Bu kreditlər əkinçilik sahəsində layihələrin reallaşdırılması, quru süd, quru meyvə istehsalı üzrə müəssisələrin yaradılmasına yönəldiləcək”, - məlumatda deyilir.
Bu layihələrin reallaşdırılması 60-dan çox yeni iş yeri açmağa imkan yaradacaq.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.**
B.Rüstəmbəyov