Fransanın Bakıdakı yeni səfiri Zakari Qros əmindir ki, Azərbaycanın təhlükəsizliyi Avropanın təhlükəsizliyi üçün çox əhəmiyyətlidir.
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 24-də Qrosun etimadnaməsini qəbul edib.
“Azərbaycan və Cənubi Qafqazın təhlükəsizliyi Avropanın təhlükəsizliyi üçün çox əhəmiyyətlidir. Regionda gərginliyin mövcudluğu şəraitində - İran məsələsində prezident Makron gərginliyin aradan qaldırılmasına səy göstərir”, - Qros görüş zamanı bildirib.
“Əlbəttə ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa münaqişənin (Ermənistan-Azərbaycan Dağlıq Qarabağ - İF) dinc yolla, ölkənizin ərazi bütövlüyünə hörmət prinsipi çərçivəsində həllini arzulayır və bu sahədə fəal olmaq niyyətindədir”, - fransalı diplomat əlavə edib.
O, Bakı ilə Paris arasında siyasi dialoqu davam etdirməyə ümidvar olduğunu bildirib və qeyd edib ki, “iqtisadiyyat, energetika, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlıq Fransa üçün çox vacibdir”.
Öz növbəsində, Əliyev vurğulayıb ki, “biz (Azərbaycan və Fransa - İF) münaqişənin həlli məsələsində də əməkdaşlıq edirik və danışıqların hansı fazada olduğunu bilirik”.
“Xatırlayıram ki, prezident Ollandın (Azərbaycana - İF) səfəri zamanı bir neçə milyard dollarlıq müqavilələr imzaladıq. Onlardan bir hissəsi artıq icra edilib, digərləri isə icrasını gözləyir (...). Əminəm, görüləsi işləriniz çoxdur və ümid edirəm ki, mövcud əlaqələrimizin müsbət dinamikası fəaliyyətiniz dövründə də davam etdiriləcək”, - Əliyev vurğulayıb. **
F.İsazadə