Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə danışıqlar aparıb.
“Görüşdə Azərbaycan ilə Aİ arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb”, - deyə XİN-in məlumatında bildirilir.
Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) komponentinin nəzərdə tutulmuş qrafik üzrə tikintisinin başa çatması məsələləri tərəflər arasında müzakirə edilib.
“Tərəflər Azərbaycanla Aİ-nin münasibətlərinin hüquqi əsasını təşkil edəcək yeni tərəfdaşlıq Sazişi və davam edən danışıqlar üzrə fikirlərini bölüşüblər”, - deyə məlumatda vurğulanır.
Görüşdə nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə xarici işlər nazirləri arasında Nyu-Yorkda baş tutmuş ən son görüş və ümumiyyətlə, münaqişənin tənzimlənməsi prosesinin cari vəziyyəti ilə bağlı məlumat verib.*
Ə.Məmmədov