Kənd Təsərrüfatı Nazirliyi dronların satın alınmasına 330 mindən çox vəsait yönəldəcək.
Nazirlikdən “İnterfaks-Azərbaycan”a verilən məlumata görə, KTN dronların satın alınmasına dair «İdrak Texnoloji Transfer» MMC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 333,2 min manat (cari məzənnə ilə $196 min) təşkil edir. Alınacaq pilotsuz uçan aparatların sayı dəqiqləşdirilmir.
Alınacaq avadanlığın spesifikasiyası aşağıdakılardır: dronlar çiləyici ilə, video müşahidə rejimi və çəkilmiş media faylların digər avadanlıqlara köçürülməsi üçün lazımı portlar və proqram təminatı ilə təmin edilməlidir. Çiləyici minimum 10 - 11 litr və minimum 23 kq çəki ekvivalentində yükgötürmə qabiliyyətinə malik olmalı və istənilən gübrə, herbisid, mineral və digər kimyəvi maddələri daşımaq və çiləmək imkanı olmalıdır.
Çiləyici rejimində uçuş müddəti 13 kq-dan az olmayan yüklə 20 dəqiqədən, 23 kq-dan az olmayan yüklə 10 dəqiqədən az olmamalıdır. Dron GPS+GLONASS və RTK (Real Time Kinematics) naviqasiya sistemlərində işləyə bilməlidir. İdarəetmə nöqtəsi ilə dronun işlədiyi ərazi arasında məsafə 4 kilometrdən az olmamalıdır.
Bundan başqa, dron, maneələrdən qorunmaq üçün radar və üst, alt, qabaq və arxa maneə sensorlarına malik olmalıdır və toqquşmadan qorunmaq üçün qabaqlayıcı proqram təminatı ilə təchiz olunmalıdır. **
B.Rüstəmbəyov