Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov Azərbaycanın Daşkənddəki səfiri ilə görüşdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasının tezləşdirilməsini xahiş edib. Bu barədə kun.uz saytı xəbər verir.
"Görüş zamanı A.Kamilov bildirib ki, yaxın günlərdə tərəflər arasında yüksək səviyyəli dövlət səfərləri təşkil olunacaq və hökumətlərarası komissiyanın Daşkənddə keçiriləcək 11-ci iclasının tezləşdirilməsi ilə bağlı istəyini Azərbaycana çatdırmağı xahiş edib", - deyə məlumatda qeyd olunur.
Bundan əlavə, o deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tranzit imkanlarından istifadə iki ölkə, o cümlədən Asiya ölkələri və Özbəkistan arasında iqtisadi əməkdaşlığı stimullaşdıracaq.
“Bununla əlaqədar olaraq, Özbəkistan prezidentinin tapşırığına əsasən, yaxın günlərdə baş nazirin müavini Elyor Qaniyevin Gürcüstana səfəri gözlənilir. Səfərin məqsədlərindən biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini və Gürcüstanın tranzit imkanlarından istifadəsini öyrənməkdir", - deyə məlumatda bildirilir.
Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Özbəkistan prezidenti Şavkat Mirziyoyevin 15 oktyabr 2019-cu il tarixində Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) 7-ci Zirvə görüşündə iştirak edəcəyini bildirmişdi.
Komissiyanın sonuncu iclası 2012-ci ilin oktyabrında Bakıda keçirilib.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. BTQ-nin ümumi uzunıuğu 826 kilometrdir.*
F.İsazadə