İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Azərbaycan hökumətinin əsas uzunmüddətli hədəflərindəndir. Bunu xarici İşlər Naziri Elmar Məmmədyarov deyib.
“Son illərdə hökumətimiz iş mühitinin yaxşılaşdırılması, xarici və yerli investorlar arasında ayrıseçkiliyin qoyulmaması, ökəyə xatici investisiyaların cəlb olunmasına hədəflənən məqsədli islahatlar həyata keçirib. Aktiv makroiqtisadi siyasət sayəsində 2017-2019-cu illərdə iqtisadiyyat sabitləşib”, - Məmmədyarov Nyu-Yorkda “2019 Xəzər Biznes Forumu”nda çıxışı zamanı bildirib.
Nazirin çıxışının mətnini XİN-in mətbuat xidməti yayıb.
Onun sözlərinə görə, Azərbaycanda sahibkarlıq sahəsindəki bütün yoxlamalar 2021-ci ilə qədər qanunvericilik səviyyəsində dayandırılıb.
Məmmədyarov əlavə edib ki, qeyd olunan islahatlar beynəlxalq reytinqlərdə Azərbaycanın mövqelərini yaxşılaşdırmağa imkan yaradıb. Xüsusilə, Azərbaycan 2018-ci ildə Qlobal Rəqabət Qabiliyyəti hesabatında 35-ci, Dünya Bankı tərəfindən dərc edilmiş 2019-cu il “Doing Business Report”a uyğun olaraq dünyada 25-ci yerdədir.
“Hesab edirik ki, ABŞ-Azərbaycan işgüzar dairələri arasında əlaqələr yaratmaq üçün yeni imkanlar var”, - nazir qeyd edib.
XİN başçısı vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Azərbaycan hökumətinin əsas uzunmüddətli hədəflərindəndir.
“İqtisadi islahatların dərinləşdirilməsi məqəsdilə yol xəritəsi qəbul olunub. İslahatların növbəti mərhələsi 2021-2025-ci illəri əhatə edəcək”, - Məmmədyarov əlavə edib. **
A.Əzizov