Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti 2019-cu il oktyabrın 1-dən Bakıdan regionlara avtobuslarla gecə reyslərini bərpa edəcək. Bu barədə DANX-nin məlumatında deyilir.
“Nazirlər Kabineti Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq təklifinə razılıq verib.
Reyslərin təşkili zamanı bütün risklərin nəzərə alınmasına dair tapşırıq Bakı Beynəlxalq Avtovağzal Kompleksinə verilib və artıq müvafiq müqavilələr bağlanıb. Oktyabrın ayının 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus Neoplan avtobusları ilə uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq.”, - məlumatda deyilir.
Qeyd edilib ki, test rejimi payız və qış ayları boyunca davam edəcək.
2020-ci ildən ehtiyac yaranarsa prosesə yeni daşıyıcılar cəlb olunacaq. Gecə reysləri zamanı təhlükəsizlik qaydalarına tam əməl edilməsi məqsədilə hər iki istiqaməti dar hərəkət zolaqlarından ibarət olan, xüsusilə dağ relyefli avtomobil yollarında daşımaların həyata keçirilməsinə yol verilməyəcək.
Uzaq məsafələrə nəzərdə tutulan marşrutlar üzrə avtobuslara iki sürücünün təhkim olunmasına dair tapşırığın icrası zəruri olacaq.
“2010-cu il may ayının 6-dan etibarən şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Tapşırığa əsasən, gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub, saat 01:00-dan 06:00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyən edilib. Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yoladüşmə vaxtı saat 20:00-dan sonra məhdudlaşdırılıb”, - məlumatda qeyd olunur.
Bildirilir ki, o dövr üçün bu qərarın əsaslandırılmasına dair gətirilən arqumentlər sırasında ölkə yollarında baş verən çoxsaylı nəqliyyat qəzaları nəticəsində həlak olan və xəsarət alanların sayının artması, əlaqədar qurumların bədbəxt hadisələri diqqətdə və nəzarətdə saxlama cəhdlərinin mümkünsüzlüyü, magistral şose yollarındakı vəziyyətin ürəkaçan olmaması, bu yolla hərəkət etməyə məcbur köhnə, texniki cəhətdən istismar üçün əlverişli olmayan avtonəqliyyat vasitələri ilə sərnişin daşınmasının təhlükəli olması faktları həqiqətən ehtiyatlanmağa səbəb verirdi.
“Gecə reyslərinin bərpası son 10 il ərzində yol infrastrukturunda ciddi təmir-bərpa işlərinin həyata keçirilməsi ilə əlaqədardır”, - məlumatda vurğulanır. **
N.Abbasova