Bakı Nəqliyyat Agentliyi noyabr ayına qədər Azərbaycana 32 yeni avtobus gətirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a BNA-dan məlumat verilib.
“Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, Agentlik 300 yeni avtobus sifariş edib. Hazırda Azərbaycana artıq 168 avtobus gətirilib. Oktyabrın sonunadək onların sayı 200-ə çatacaq. Ümumilikdə, cari ilin sonunadək Agentlik üçün 300 avtobusı gətiriləcək”, - BNA-dan qeyd ediblər.
Həmçinin, Agentlikdən məlumat verilib ki, Bakı şəhərində ümumilikdə 18,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulur.
“İlkin mərhələdə paytaxtda 7,5 km uzunluqda velosiped yolu salınacaq. Hökumət evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə tutulur. Yolun çəkilməsi zamanı əsasən yerli istehsal olan materiallardan istifadə olunacaq. Yolun 100 metrlik hissəsi artıq hazırdır. İndi velosiped yolunun örtüyü ilə bağlı təcrübələr aparılır”, - Agentlikdən məlumat verilib.
Bundan başqa, BNA Bakıda parkinqlərin sayını artırmağı planlaşdırır. “Parklanma ilə əlaqədar ilkin mərhələdə 600-dək yer müəyyənləşdirilib. Hazırda bu istiqamətdə infrastruktur işləri görülür”, - BNA-dan qeyd ediblər.
O cümlədən, Agentlikdən məlumat verilib ki, çərşənbə günü prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak edib. Tədbir çərçivısində dövlət başçısı Türkiyənin BMC şirkətinin istehsalı olan avtobusa baxdı.
“Prezident İlham Əliyev əlavə müasir avtobusların alınması ilə bağlı tapşırıqlarını verdi”, - BNA-dan qeyd ediblər.
Xəbər verildiyi kimi, 2018-ci ildə BNA «BMC Otomativ Sanaye ve Ticaret A.S.» şirkəti ilə 300 ədəd avtobusun satın alınması haqqında müqavilə bağlayıb. Müqavilənin dəyəri 141 mln. 801,18 min manatdır. **
N.Abbasova