Azərbaycan və Gürcüstanın xarici işlər naziri Elmar Məmmədyarov və David Zalkaliani Bakı ilə Tbilisinin dövlət sərhədinin delimitasiyasının qısa müddətdə yekunlaşmasında maraqlı olduğunu ifadə ediblər.
Nazirlərin görüşü BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub.
“Nazirlər Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət Komissiyalarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar və dövlət sərhədinin delimitasiyasının qısa müddətdə yekunlaşmasında maraqlarını ifadə ediblər”, - deyə XİN-in mətbuat xidmətinin məlumatında qeyd olunur.
Görüşdə XİN başçıları iki ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf etdirilən qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin məmnunluq doğurduğunu ifadə ediblər.
Nazirlər bölgədə sülh, təhlükəsizlik və dayanıqlı inkişafa ciddi hədə təşkil edən həlli uzadılmış münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
D.Zalkaliani Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya bölgələrindəki münaqişənin həlli üzrə aparılan danışıqlardakı vəziyyət barəsində məlumat verib. Öz növbəsində, nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə xarici işlər nazirləri arasında keçirilən görüş barədə həmkarını məlumatlandırıb.
“Tərəflər münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bir daha vurğulayıblar”, - deyə məlumatda bildirilir.*
F.İsazadə