Oktyabrın əvvəlində BMT-nin qidalanma hüququ məsələləri üzrə xüsusi məruzəçisi Hilal Elver Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a BMT-nin Bakı ofisindən məlumat verilir.
“Elver 1-11 oktyabr tarixlərində ekspert missiyası ilə Azərbaycanda olacaq. Səfərin məqsədi əhalinin qidalanma hüququnun təminatı ilə əlaqədar hökumət tərəfindən həyata keçirilən tədbirlərin qiymətləndirilməsidir”, - nümayəndəlikdən qeyd ediblər.
Məlumat verilir ki, bu, Elverin Azərbaycana ilk səfəridir.
Səfər çərçivəsində Elver Bakı, Quba və Gəncəni səfər etməyi planlaşdırır.
“Elver rəsmi şəxslər, ombudsman, BMT-nin nümayəndələri, beynəlxalq donor cəmiyyəti, həmçinin ictimai təşkilatlarla görüşlər keçirəcək. Xüsusi məruzəçi oktyabrın 11-də səfərinin yekunlarına dair mətbiat konfransında müçahidələri barədə söz açacaq”, - BMT-nin Bakı ofisinin məlumatında qeyd olunur.
Səfərə dair yekun hesabat 2020-ci ilin mart ayında Cenevrədə İnsan Hüquqları Şurasına təqdim ediləcək.**
Ə.Məmmədov