Sahibkarlığın İnkişafı Fondu (SİF) 2019-cu ilin əvvəlindən 116,4 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 116,4 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılması 3,8 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb”, - deyə məlumatda bildirilir.
Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 21 sahibkara 1,9 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, bağçılıq, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcək, 50-dək yeni iş yerinin açılmasına imkan yaranacaq.
İndiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1,3 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 44,6 mln. manat güzəştli kredit verilib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.*
N.Abbasova