Ermənistanın baş naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi, hüquqi və tarixi aspektlərini BMT tribunasından tamamilə təhrif olunmuş şəkildə təqdim edib. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Avqust ayında Azərbaycanın işğal altındakı Xankəndi şəhərində çıxış edərək, Azərbaycanın işğal edilmiş ərazilərinin anneksiyasına çağıran və bununla, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə ciddi zərbə vuran Ermənistan rəhbərliyi indi BMT tribunasından “sülhpərvər” görünməyə, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərir”, - Hacıyev bəyan edib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissəsidir. 1921-ci il iyulun 5-də Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qərar verib.
“Ermənilərin yalan iddialarına baxmayaraq, burada “Dağlıq Qarabağın Azərbaycana verilməsi” kimi ifadədən istifadə olunmamışdır. Keçən əsrin 80-ci illərindən başlayaraq Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) açıq iddialar irəli sürmüş, zorakı əməlləri və təcavüzkar separatizmi fəal şəkildə dəstəkləmişdir. Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılmasının sovet qanunlarına zidd olması hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdə həmin dövrdə tətbiq olunan qanunvericiliyə əsasən Dağlıq Qarabağ aydın şəkildə Azərbaycan ərazilərinin tərkib hissəsi hesab olunurdu. Dağlıq Qarabağın "Ermənistana birləşdirilməsi" və ya "müstəqilliyi"nin əldə edilməsi ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş uti possidetis prinsipinə ziddir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində əsassızdır” – Hacıyev qeyd edib.
O bildirib ki, Ermənistanın baş naziri BMT tribunasından danışdığı halda, BMT Nizamnaməsi əsasında ölkəsinin öz üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozması faktının üzərindən sükutla keçir. Baxmayaraq ki, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən “bütün dövlətlər digər dövlətin ərazi bütövlüyü və ya suverenliyinə qarşı” gücdən istifadə və ya gücdən istifadə ilə hədələməkdən çəkinməlidir”.
“Ermənistan hərbi gücdən istifadə edərək, Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf 7 rayonunu işğal etmiş, bu ərazilərdə Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törətmişdir. Bu siyasətin nəticəsində 1 milyondan artıq soydaşımız hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır.
“Həmçinin Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq humanitar hüquqa zidd olaraq demoqrafik tərkibin dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidlərinin məhv edilməsi istiqamətində məqsədyönlü fəaliyyət aparır. Bundan əlavə, Ermənistan BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur”, - Hacıyev bəyan edib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bu münaqişənin Azərbaycan və Ermənistan arasında ərazi münaqişəsi olmadığını iddia edir və bunun insan hüquqları məsələsi olduğunu bildirir. BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər sənədlər açıq şəkildə sübut edir ki, bu münaqişənin fundamental əsasını güc istifadə edərək ərazilərin işğalı təşkil edir.
“Ermənistan rəhbərliyi münaqişənin həllinin Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan üçün məqbul olan düstur əsasında həll edilməli olduğunu deyir. Münaqişənin tərəfləri Ermənistan və Azərbaycandır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları var. Münaqişənin Azərbaycanın ərazi bütövlüyündən kənar həlli modeli mövcud deyil”, - Hacıyev deyib.
Onun sözlərinə görə, nəhayət, Ermənistan başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək. **
Ə.Məmmədov