Almaniya Azərbaycan iqtisadiyyatına $615 mln. investisiya qoyub. Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
“Bu gün Almaniya ilə Azərbaycan arasında əməkdaşlıq daim inkişaf edir. Azərbaycanda 154 alman şirkəti fəaliyyət göstərir, Almaniya Azərbaycana $615 mln. investisiya yatırıb ki, bunun da 96%-i qeyri-neft sektoruna yönəldilib. Azərbaycan isə Almaniyaya $3 mlrd. investisiya qoyub”, - deyə N.Səfərov bu gün Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda bildirib.
Nazir müavini Aİ ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda həyata keçirilən Tvinninq layihələrinə Almaniyanın böyük maraq göstərdiyini qeyd edib.
Onun sözlərinə görə, artıq 14 Tvinninq layihəsi başa çatıb və Almaniya şirkətlərinin iştirakı ilə 1 layihə davam edir.
"Bundan əlavə, Almaniya texniki əməkdaşlıq üzrə 9 layihə çərçivəsində Azərbaycana 30 mln. avro sərmayə qoyub", - deyə N.Səfərov əlavə edib.
O deyib ki, Almaniya şirkətləri Azərbaycanda icra edilən, ümumi dəyəri $1,6 mlrd. olan 66 layihədə podratçıdır. Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.
“Cari ilin 7 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi $1 mlrd.-ı keçib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 24% çoxdur. Almaniya ticarət dövriyyəsinin həcminə görə Azərbaycanın 2-ci ən böyük ticarət tərəfdaşıdır, bu ölkədən idxal etdiyimiz malların dəyərinə görə isə 1-ci yerdədir”, - deyə iqtisadiyyat nazirinin müavini vurğulayıb.*
Ə.Məmmədov