Nazirlər Kabineti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən Ələt-Qasımlı hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alınmasına dair qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilir.
“Nazirlər Kabinetinin qərarına əsasən, yeni dəmir yolu xəttinin tikintisi altına düşən torpağı dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib”, - Nazirlər Kabinetindən qeyd olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-yə torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Hazırda “Azərbaycan Dəmir Yolları” QSC bu dəmir yolunun tikintisinin maliyyələşdirilməsi imkanı mövzusunda Dünya Bankı ilə danışıqlar aparır.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan və Fars körfəzi ölkələrindən Rusiya, Qərbi Avropa, Baltika və Skandinaviya ölkələrinə nəqlini nəzərdə tutur. Əgər Fars körfəzi, Süveyş kanalı, Aralıq dəniz ilə yüklərin nəqli 45-60 günə başa gəlirdisə, “Şimal-Cənub” dəhlizi ilə yüklərin çatdırılması 20-25 gün təşkil edəcək.
Birinci mərhələdə bu dəhlizlə illik 5 mln. ton, gələcəkdə isə 10 mln. tondan artıq yük nəqli planlaşdırılır. 2017-ci ildə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə 27 min ton, 2018-ci ildə - 287 min ton yük daşınıb. 2019-cu ildə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə 600 min ton həcmində yük daşınması planlaşdırılır. **
N.Abbasova,