Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə birgə layihələrin həyata keçirilməsinə dair məsələləri müzakirə edib.
S.Nuriyev Avropa Yenidənqurma və İnkişaf Bankının Avrasiya Regionunun İnfrastruktur bölməsi üzrə baş bankiri Yelena Qordeyeva, Qafqaz regional ofisinin direktoru Katarina Hansen və Bakı ofisinin baş bankiri Sanjar Usmanovu qəbul edib.
“Görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalmanın planlaşdırılması, o cümlədən Bakının Baş planının hazırlanması və paytaxtın gələcək inkişafının əsas prioritetləri barədə fikir mübadiləsi aparılıb”, - deyə komitənin məlumatında bildirilir.
Qurumlar arasında perspektiv əməkdaşlıq istiqamətləri mövzusunda müzakirələr çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl şəhər” layihəsi barədə məlumat verilib, şəhərsalmanın planlaşdırılmasında ətraf mühitin qorunması və sağlamlaşdırılması, enerji səmərəliliyinin və dayanıqlığın təmin olunmasının komitənin əsas hədəflərindən biri olduğu qeyd edilib, bu sahədə strateji layihələrin işlənməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. 30 iyun 2019-cu il tarixinə AYİB Azərbaycanda 168 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,252 mlrd. avro investisiya qoyulub. Hazırda bank respublikada 38 layihə reallaşdırır və 1,375 mlrd. avro məbləğində aktiv portfelə malikdir. Bankın portfelinin 24%-i özəl sektorun, 1%-i isə kapitala qoyulan sərmayələrin payına düşür.*
F.İsazadə