Dövlət Statistika Komitəsi «Khazar SD» markalı avtomobillərin satınalınmasına 280,5 min manat yönəldəcək.
www.tender.gov.az saytının məlumatına əsasən, DSK “Azərmaş” MMC-dən avtomobillər alacaq.
“Azərmaş” ilə 17 ədəd "Khazar SD" markalı avtomobilin satınalınmasını nəzərdə tutan müqavilə imzalanıb.
“Azərmaş” zavodunun rəsmi açılış mərasimi 2018-ci il mart ayının sonunda baş tutub. Zavodun təsisçiləri “Iran Khodro” (İran) və “AzEuroCar” (Azərbaycan) şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərir. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.
I mərhələdə müəssisənin yaradılmasına $15 mln. sərmayə qoyulub.
2018-ci ildə zavodda 1000 ədəddən çox «Khazar» markalı avtomobil istehsal edilib və onların 95%-i satılıb.
«Khazar» LD markalı avtomobilin dəyəri 18 min manat ($10.6 min), «Khazar» SD markalı avtomobilin dəyəri isə 16 min manatdır ($9.4 min).
Bu il zavodda 3 min ədəd minik avtomobilinin istehsalı planlaşdırılır.**
B.Rüstəmbəyov