Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Lion inzibati məhkəməsinin bu ölkənin Desin-Şarpyö şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri və Sen-Etyen şəhəri ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında imzalanan qeyri-qanuni “saziş”lərin ləğv olunmasına dair qərarını alqışlayır.
“Xarici İşlər Nazirliyi Fransa Respublikasının Lion/Lyon/ inzibati məhkəməsinin bu ölkənin Desin-Şarpyö/Decines-Charpieu şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri və Sen-Etyen/Saint-Etienne/ şəhəri ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında müvafiq olaraq 2017-ci il sentyabrın 25-də və 2018-ci il oktyabrın 21-də imzalanan qeyri-qanuni “saziş”lərin ləğv olunmasına dair cari ilin 19 sentyabr tarixli qərarını alqışlayır”, - deyə nazirliyin məlumatında bildirilir.
XİN qeyd edir ki, sözügedən qeyri-qanuni “sənədlər” Azərbaycan və Fransanın milli qanunvericiliyi, xüsusilə də Fransa Konstitusiyasının 73-cü maddəsi, “Ərazi Vahidləri Ümumi Məcəlləsi”nin maddələri və 2018-ci il 24 may tarixində daxili işlər və Avropa və xarici işlər nazirləri tərəfindən imzalanmış sirkulyar sənədin müddəalarına zidd olaraq imzalanıb.
“Bu günədək Fransanın şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan 9 qanunsuz “müqavilə” Fransa Respublikasının müvafiq məhkəmə qərarları ilə ləğv olunub”, - deyə məlumatda vurğulanır.
XİN bildirir ki, Azərbaycan tərəfi hazırda qüvvədə qalan digər qeyri-qanuni “sənədlərin” də tezliklə Fransa məhkəmələri tərəfindən ləğv ediləcəyinə ümid edir.*
F.İsazadə