Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Abdıkarimov Serjan Oralbayeviç Azərbaycan Respublikasına səfir təyin edilib.
S.Abdıkarimov Qazaxıstanın Bakıdakı səfiri postunda Beybit İsabayevi əvəz edib. B.İsabayev 2019-cu ilin iyul ayında Qazaxıstan prezidentinin ölkə parlamentindəki nümayəndəliyinin rəhbəri təyin edilib.
S.Abdıkarimov 1976-cı il mayın 11-də Karaqanda şəhərində anadan olub. 1998-ci ildə Abay adına Almatı Dövlət Universitetini beynəlxalq münasibətlər üzrə mütəxəssis ixtisası, 2002-ci ildə RF XİN Diplomatik Akademiyasını iqtisadçı ixtisası üzrə bitirib”, - deyə Qazaxıstanın Bakıdakı səfirliyinin məlumatında bildirilir.
Diplomatik fəaliyyətinə 1998-ci ildə QR XİN Üçüncü Departamentinin Avropa və Amerika İdarəsinin referenti qismində başlayıb. Daha sonra o, Beynəlxalq İqtisadi Əməkdaşlıq Departamentinin attaşesi olub.
Azərbaycana səfir təyin olunana qədər 2015-ci ildən Qazaxıstanın Çexiya, eyni zamanda, Slovakiyadakı diplomatik nümayəndəliyinə rəhbərlik edib.*
F.İsazadə