Azərbaycan və Türkiyə elektron imzaların qarşılıqlı tanınması istiqamətində müzakirələr aparır. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
Nazirliyin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi, İnformasiya Texnologiyaları və Rabitə Agentliyi və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasında görüşlər keçirib.
“Görüşlərdə texniki məsələlər və elektron imzaların qarşılıqlı tanınması istiqamətində mexanizmlər müzakirə olunub. Elektron imza sisteminin qarşılıqlı tanınması Azərbaycan və Türkiyə arasında gömrük sahəsində bütün sənədlərin elektron formada imzalanaraq göndərilməsini mümkün edəcək. Bu da keçid məntəqələrində növbələrin azalmasına, sənədlərin saxtalaşdırılması riskinin aradan qaldırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə imkan verəcək”, - deyə məlumatda qeyd olunur.
Hazırda Azərbaycan Avropa ölkələri ilə də elektron imzaların qarşılıqlı tanınması istiqamətində işlər aparır.*
N.Abbasova