Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunu prezident İlham Əliyev deyib.
Dövlət başçısının saytında verilən məlumata görə, İ.Əliyev bu gün Fransa Respublikası Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar Azərbaycanın mövqeyini diqqətə çatdıraraq bildirib ki, bu münaqişə yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”, - deyə məlumatda bildirilir.
Fransa ilə ikitərəfli münasibətlərə toxunan İ.Əliyev qeyd edib ki, Bakı və Paris bir çox sahələrdə, o cümlədən energetika, nəqliyyat, kosmik sənaye, kənd təsərrüfatı, təhsil və digər sahələrdə uğurla əməkdaşlıq edir.
“Görüşdə, həmçinin iki ölkə arasında elmi tədqiqat, tibb və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.*
A.Əzizov