31 avqust 2019-cu il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 30 mlrd. 269,1 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2019-cu il tarixinə bankların aktivləri 29 mlrd. 502,4 mln. manat məbləğində olub. Beləliklə, yanvar-avqust aylarında bankların aktivləri 2,6% artıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 13 mlrd. 526,4 mln. manat (yanvar-avqust aylarında artım 7,1% - İF) təşkil edir.
2019-cu il avqust ayının 31-nə Azərbaycanda bankların ümumi kapitallaşması 4 mlrd. 613,6 mln. manat (artım 13,3%) təşkil edir.
Sentyabrın əvvəlinə bankların öhdəlikləri 25 mlrd. 655,5 mln. manata (artım 0,9%) bərabərdir.
2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 462,1 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövründə qeydə alınmış göstərici ilə müqayisədə 4,4 dəfə çoxdur.
Cari ilin yanvar-avqust aylarında bankların faiz gəlirləri 1 mlrd. 258,1 mln. manat (2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə artım 10,5% - İF), o cümlədən verilmiş kreditlər üzrə 905,1 mln. manat (artım 14,3%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 462 mln. manat (artım 32,8%) məbləğində olub.
Yanvar-avqust aylarında bankların faiz xərcləri 356,1 mln. manat (azalma 8,7%), o cümlədən depozitlər üzrə 243 mln. manat (azalma 5,9%), qeyri-faiz xərcləri 744,6 mln. manat (artım 14,3%) təşkil edib.
Yanvar-avqust aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 554,3 mln. manat (artım 25,7%) təşkil edib. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 61 mln. manat (2018-ci ilin yanvar-avqust aylarında 316,4 mln. manat) yönəldib.
Nəticədə 31 avqust 2019-cu il tarixinə bankların vergi ödənilənədək ümumi mənfəəti 514,8 mln. manat (2018-ci ilin 8 ayının göstəricisi ilə müqayisədə artım 4,1 dəfə) məbləğində qiymətləndirilir, cari ilin yanvar-avqust aylarında mənfəət vergisi üzrə ödənişləri 52,7 mln. manat (artım 2,4 dəfə) təşkil edib.
31 avqust 2019-cu il tarixinə respublikada 30 bank fəaliyyət göstərir. Bu bankların 14-ü xarici kapitallıdır.
Avqust ayının sonuna bankların 514 filialı və 129 şöbəsi var.
Azərbaycanın bank sektorunda 18,711 min nəfər (2018-ci ilin avqust ayının sonuna olan göstərici ilə müqayisədə artım 10,5%) çalışır.*
A.Əzizov