2019-cu ilin yanvar-avqust aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 2,2% - 8 mlrd. 561,8 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Eyni zamanda, avqustda əhalinin bank əmanətləri cari ilin iyun ayının sonuna olan göstərici ilə müqayisədə 0,2% və ya 18,2 mln. manat azalıb.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 8.4% - 4 mlrd. 796,3 mln. manatadək və ya bütün əmanətlərin 56,1%-i səviyyəsində azalıb (2018-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 62,5% təşkil edib).
2019-cu ilin yanvar-avqust aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 19,8% - 3 mlrd. 765,5 mln. manatadək (bütün əmanətlərin 43,9%-i) artıb.
31 vaqust 2019-cu il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 8 mlrd. 78,4 mln. manat, qeyri-rezidentlərin – 483,4 mln. manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 6,1% artıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 36,7% azalıb.
Ümumilikdə, sentyabrın 1-nə banklarda əmanət və depozitlərin həcmi 22 mlrd. 447,3 mln. manat təşkil edir ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 2,6% çoxdur.**
N.Abbasova