Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən oktyabrın 24-də “Doing Business 2020” hesabatı dərc olunacaq. Bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov məlumat verib.
“İlkin məlumatlara görə, “Doing Business 2020” hesabatında Azərbaycan islahatçı ölkələrin TOP-20-liyinə daxildir. Hesabat tam şəkildə oktyabrın 24-də dərc olunacaq”, – deyə o bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan həyata keçirilən islahatların sayına görə "Doing Business-2019" hesabatında Avropa və Mərkəzi Asiya ölkələri arasında birinci yeri tutub. Ötən il Azərbaycan 8 islahat aparıb.
Bütövlükdə, "Doing Business-2019: Treninqlər və islahatlar" hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.
Xüsusilə ölkədə tikinti üçün icazələrin alınması sistemi sadələşdirilib (hazırda icazələr Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilir), mülkiyyətin qeydiyyatı zamanı şəffaflıq sistemi yaxşılaşdırılıb, kreditlərə çıxışın asanlaşdırılması üçün qanunvericilik təkmilləşdirilib, Kredit Bürosu yaradılıb, elektron formada yeniliklərin tətbiqi sayəsində vergi ödəniş sistemi sadələşdirilib, “yaşıl dəhliz” təcrübəsinin tətbiqinə başlanılıb, ticarət maneələrinin aradan qaldırılması üçün elektron gömrük prosedurları optimallaşdırılıb.*
A.Əzizov