Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun üzv ölkələrinin nazirlər görüşündə iştirak edəcək. Bu barədə nazirlikdən məlumat verilir.
“Qaz İxrac Edən Ölkələr Forumunun üzv ölkələrinin nazirlər görüşü oktyabrın 3-də Moskvada “Rusiya enerji həftəsi” çərçivəsində keçiriləcək. Həmçinin, görüşdə Rusiya, Venesuela, Ekvatorial Qvineya, İran, Qətər, Əlcəzair, Nigeriya, Trinidad və Tobaqonun energetika nazirliklərinin rəhbərləri,o cümlədən təşkilatın digər üzv ölkələrinin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər”, - məlumatda deyilir.
Təbii qaz bazarının dinamikası, tendensiyaları və perspektivləri əsas müzakirə mövzuları olacaq.
Qaz İxrac Edən Ölkələr Forumu dünyada təbii qaz ixracı üzrə lider ölkələrin birliyidir.
Forum 2001-ci ildə Tehranda təsis olunub və 2008-ci il dekabrın 23-də Moskvada hüquqi təsdiq edilib. Forum dünya qaz hasilatının 42%-ni təmin edən dünya qaz ehtiyatlarının sahiblərinin 73%-ni birləşdirir. Azərbaycan Forumda müşahidəçidir. **
B.Rüstəmbəyov