Baş nazir Novruz Məmmədov Dövlət Əməyin Mühafizəsi Fondunun (DƏMF) yaradılması haqqında qərar imzalayıb.
Nazirlər Kabinetinin saytında dərc olunmuş qərara əsasən, fondun idarə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.
Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir.
Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır: istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələrindən; müəssisələrin və vətəndaşların könüllü ödəmələrindən və başqa ödəmələrdən.
Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur: əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə; əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasına; əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasına; əməyin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə işlərinə.*
Ə.Məmmədov