Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saxtakarlıq edən 779 nəfərə ünvanlı sosial yardım verilməsini dayandırıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Bu qərar bir sıra pozuntuların aşkarlanması ilə əlaqədar qəbul edilib. Seçmə üsulla aparılan araşdırma və təhlillər nəticəsində müəyyən edilib ki, 779 vətəndaşla 855 halda 206 işəgötürən tərəfindən cari ilin yanvarın 1-dən etibarən əmək müqaviləsi bağlanılıb və həmin müqavilələrə çox qısa müddətdə xitam verilib.
Məlum olub ki, bağlanılmış əmək müqavilələri orta hesabla 16 gün qüvvədə olub. Hətta bəzi müqavilələrə (20 belə hal) bildiriş elektron sistemə (VEMTAS-a) daxil edildikdən bir neçə saat sonra xitam verilib.
Həmçinin müəyyən edilib ki, 19 işəgötürən tərəfindən 378 nəfər şəxslə əmək müqaviləsi bağlanılsa da, həmin işəgötürənlərin heç biri 2019-cu ildə sosial sığorta haqqı ödəməyib. Həmin müqavilə bağlanılanların hamısı ÜDSY təyinatı aparılanlardır.
Azərbaycan 2006-cı ildən ünvanlı sosial yardım sisteminə keçib. Ünvanlı sosial yardımın həcmi “ehtiyac meyarı” və ailənin bir üzvünün gəliri arasındakı fərqə əsasən hesablanır. Gəliri bu meyardan aşağı olan ailələr ünvanlı sosial yardım alıcılarıdır.*
X.Nəsirzadə