Azərbaycan sərhədçiləri dünən gecə İranla sərhəddə 3 nəfər naməlum şəxsin ərazimizə doğru hərəkətinin qarşısını alıblar. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatında deyilir.
“Oktyabrın 2-si saat 00:13 radələrində Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozmaları müşahidə olunub”, - deyə məlumatda bildirilir.
Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd edib. Bir sərhəd pozucusu üzərindəki çantanı ataraq İran istiqamətində qaçmağa, digər 2 sərhəd pozucusu isə hadisə yerindən digər istiqamətdə qaçmağa cəhd göstərib.
Məlumata görə, sərhəd naryadları tərəfindən silah tətbiq olunub və hər 3 sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerində vəfat ediblər.
Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü narkotik vasitələr, 1 ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olunub.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.*
X.Nəsirzadə