Vergilər Nazirliyi Ağstafa rayonunda saxta alkoqollu içkilərin istehsalı ilə məşğul olan şəxsi aşkar edib. Bu barədə nazirlikdən məlumat verilir.
“Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə Ağstafa rayonu, Həsənsu kəndində yerləşən şəxs Arzu İsmayılov Aydın oğluna məxsus obyektdə obyektində kustar üsulla alkoqollu içkilərin hazırlanmasına dair məlumat daxil olub”, - məlumatda deyilir.
Həmin məhsulların saxta aksiz markaları ilə markalanmaqla vergidən yayındırılması barədə daxil olmuş əməliyyat məlumatları əsasında fiziki həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı göstərilən hallar öz təsdiqini tapıb.
Nazirlik qeyd edib ki, İsmayılov 2024-cü ilin avqust ayına qədər fəaliyyətinin dayandırılması məqsədilə vergi orqanına müraciət etməsinə baxmayaraq, faktiki olaraq fəaliyyət göstərib.
Bundan başqa, obyektdə əmək müqaviləsi olmadan 3 nəfərin çalışdığı aşkar olunub.
“Həmçinin, təsərrüfat subyektində 4,955 min ədəd saxta aksiz markaları, eləcə də 1,036 min ədəd hazır məhsulun saxta aksiz markaları ilə markalandığı və satış məqsədilə saxlanıldığı, insan sağlamlığı üçün təhlükəli olan “Растворитель 646” adlı həlledici məhlullar aşkar olunub”, - məlumatda vurğulanır.
Həmin məhlulların alkoqollu içkilərin istehsalında istifadə olunduğu faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri araşdırmaya cəlb olunub. **
B.Rüstəmbəyov