Avropa İttifaqı (Aİ) Avropa Şurası (AŞ) ilə birlikdə 2019-2021-ci illərdə Azərbaycanda ümumi dəyəri 1,6 mln. avro olan iki layihə həyata keçirməyi planlaşdırır. Bu barədə AŞ-nin məlumatında deyilir.
Məlumata görə, 3 oktyabr 2019-cu il tarixində Aİ və AŞ-nin “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” adlı birgə proqramının ikinci mərhələsi çərçivəsində hazırlanan layihələrin təqdimatı keçiriləcək.
Layihələr Azərbaycan qurumlarına korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması üçün institusional imkanların daha da gücləndirilməsinə kömək etməyə, həmçinin məhkəmə islahatlarını dəstəkləməyə, məhkəmə sisteminin müstəqilliyini və peşəkarlığını artırmağa, ədliyyə sahəsində islahatları dəstəkləməyə və Avropa Şurasına uyğun standartların tətbiqində kömək etməyə yönəlib.
Bundan əlavə, Azərbaycan 1,8 mln. avro dəyərində üç regional layihənin bir hissəsi olacaq. Bu layihələr iqtisadi cinayətlər, diskriminasiya ilə mübarizəyə və s. məsələlərə yönəldiləcək.Bu layihələrin ümumi dəyəri 1,6 mln. avro təşkil edir, bunun 80%-i Avropa İttifaqı, 20%-i isə Avropa Şurası tərəfindən ayrılacaq.
Proqramın ikinci mərhələsinin icrası 2019-2021-ci illəri əhatə edəcək, bu mərhələnin ümumi büdcəsi 17,5 mln. avro təşkil edir, bunun 80%-i Avropa İttifaqı, 20%-i isə Avropa Şurası tərəfindən ayrılıb.*
X.Nəsirzadə