Azərbaycan və Litva əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıqla bağlı razılığa gəlib.
“Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Litvanın sosial təminat və əmək naziri Linas Kukuraitis bu gün Bakıda əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsi haqqında saziş imzalayıblar”, - deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Görüşdə S.Babayev sosial təminat sisteminin avtomatlaşdırılması sahəsində aparılan işlər, nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemindəki altsistemlər barədə litvalı həmkarına məlumat verib.
Öz növbəsində, L.Kukuraitis qeyd edib ki, DOST layihəsi kimi mükəmməl bir konsepsiyanın tətbiqi ölkənin sosial xidmətlər sahəsində uğurla fəaliyyət göstərməsinin göstəricisidir.
Hazırda Bakının Yasamal rayonunda bir DOST Mərkəzi fəaliyyət göstərir.
2019-2025-ci illərdə ölkədə 31 DOST mərkəzi yaradılacaq. Onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində, qalanları respublikanın digər regionlarında açılacaq.
DOST mərkəzlərində vətəndaşlara 126 adda sosial xidmət göstəriləcək, bunların 91-i elektron formada olacaq. Hazırda DOST mərkəzində 20-dən artıq elektron xidmət göstərilir.*
X.Nəsirzadə