Azərbaycanın maliyyə bazarının bütün iştirakçılarının fəaliyyəti vahid prizmadan tənzimlənməlidir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev belə hesab edir.
"Maliyyə bazarının ayrı-ayrı iştirakçılarının fəaliyyətinin tənzimlənməsinə müxtəlif yanaşmalar mənfi nəticələrə gətirib çıxarır. Buna görə maliyyə bazarının bütün iştirakçılarının fəaliyyətinin vahid prizmadan tənzimlənməsini çox vacib hesab edirik", - deyə o, bu gün Azərbaycanda mikromaliyyələşmənin inkişafına həsr olunmuş VI İnvestorlar Yarmarkasında bildirib.
ABA sədri, həmçinin maliyyə bazarının yeni iştirakçılarının fəaliyyətinin tənzimlənməsinin vacibliyini də vurğulayıb.
"Son illərdə bazarda yeni iştirakçılar – fintek şirkətləri, müxtəlif maliyyə xidmətləri provayderləri yaranıb. Hesab edirəm ki, onların da fəaliyyəti tənzimlənməlidir. Bilirəm ki, artıq qanun layihəsi hazırlanır və düşünürəm ki, o, tezliklə qəbul olunmalıdır", - deyə Z.Nuriyev qeyd edib.*
Ə.Məmmədov