2020-ci ilin aprel ayında Azərbaycan Kredit Bürosu yeni skoring xidmətini istifadəyə verməyi planlaşdırır. Bunu Büronun baş direktoru Elçin Həbibov deyib.
“Biz skorinq sistemini modernləşdirməyi planlaşdırırıq. Bu məqsədlə türkiyəli həmkarlarla işçi qrupu yaratdıq və 2020-ci ilin aprel ayında yeni skoring xidmətini təqdim edəcəyik”, - Həbibov Azərbaycanda mikromaliyyənin inkişafına həsr olunan VI İnvestorlar Yarmarkasında bidlirib.
Onun sözlərinə görə, bu model bazara yeni, xüsusilə, analitik xidmətlər çıxarmağa imkan verəcək. “Bundan başqa, bu proseslərin avtomatlaşdırılmasına təkan verəcək, vətəndaşlara öz kredit tarixçələrində dəyişikliklərə nəzarət etməyə imkan yaradacaq”, - Həbibov bildirib.
O əlavə edib ki, 2019-cu ilin sonunadək kredit təşkilatlarına bir dəfəyə Büroya daha çox sayda sorğu göndərməyə imkan verən xidmətin istifadəyə verilməsi planlaşdırılır.
“Hazırda kredit təşkilatları bir dəfəyə Büroya yanız bir sorğu göndərə bilər. Yeni xidmət bir dəfəyə 5-10 min sorğu göndərməyə imkan verəcək”, - Həbibov vurğulayıb.
O bildirib ki, Büroya ümumi sorğularda skoringin payı tədricən artır. “Büro fəaliyyətə başlayandan bizə 3,6 mln. sorğu daxil olub, bunun 1,9 mln.-u skoringin payına düşüb. Əgər ötən il ümumi sorğularda skoringin payı 43,5% təşkil edirdisə, cari ilin 8 ayı ərzində bu göstərici 61,5% olub”, - Həbibov əlavə edib.
2017-ci ilin dekabr ayında özəl kredit bürosunun yaradılması üzrə təşəbbüs qrupunun iclasında "Azərbaycan Kredit Bürosu" MMC-nin təsis edilməsi qərara alınıb. Büronun təsisçiləri "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Bank Respublika" ASC, "Xalq Bank" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "Unibank KB" ASC və "Ziraat Bank Azərbaycan" ASC olub. Büro 2018-ci il fevralın 1-də fəaliyyətə başlayıb və nizamnamə kapitalı 2 mln. manata bərabərdir.
Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.**
Ə.Məmmədov