“AzerGold” QSC Filizçay polimetal yatağı üzrə çöl işlərinin layihələndirilməsi və nəzarət xidmətlərinə 1,3 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına əsasən, “AzerGold” “Wood Mining South Africa (PTY) LTD” ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri 1 mln. 285,983.7 manatdır (cari məzənnə ilə $756,461 min).
Balakən rayonunda yerləşən “Filizçay” yatağı ehtiyatlarının həcminə görə Avropada ikinci ən böyük yataq hesab edilir və dünya polimetal yataqlarının ilk onluğuna daxildir. Qızıl, gümüş, mis, sink və qurğuşundan ibarət yataq ehtiyatları 120 mln. tondan artıqdır. Mis, sink, qurğuşun kimi metalların toplam miqdarı 6-8%, qızıl və gümüşün orta tutumları uyğun olaraq 0.65q/t və 50q/t təşkil edir. Yataq Azərbaycanda yaradılması planlaşdırılan dağ-mədən sənayesi kompleksi üçün 50 il ərzində xammal bazası kimi çıxış edə bilər.
Azərbaycan “Filizçay” polimetal yatağının işlənməsindən 10 mlrd. manatadək gəlir əldə edəcək.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova