2019-cu il 4 oktyabr tarixindən SOCAR şirkəti (ARDNŞ) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) qrafikə uyğun olaraq təmir işlərinin həyata keçirilməsi məqsədilə fəaliyyətini dayandırıb.
“SOCAR hər il Heydər Əliyev adına Neft Emalı Zavodunu qrafikə uyğun olaraq təmir işlərinə dayandırır. Bu il 4-24 oktyabr tarixlərində qurğuların qrafikə uyğun texniki xidməti məqsədilə zavodun fəaliyyəti dayandırılır. Eyni zamanda, ilk növbədə ELOU-AVT-6 ilkin neft emalı qurğusunun quraşdırılması dayandırılıb. Daha sonra ara neft məhsullarının buiraxılışı üzrə digər qurğuların təmirinə başlanacaq”, - SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, keçmiş “Azərneftyağ” NEZ-in ərazisində yerləşən ELOU-AVT-2 ilkin neft emalı qurğusu işini davam etdirəcək. Burada dizel yanacağı və kerosin istehsal olunacaq.
“Dizelə olan daxili tələbat BNEZ-in anbarında olan ehtiyat və ELOU-AVT-2 qurğusu hesabına təmin ediləcək”, - Əhmədov bildirib.
O, həmçinin qeyd edib ki, BNEZ-in təmir işlərinə dayandırılması ilə əlaqədar BNEZ-dən xammal əldə edən “Azərkimya” İB-nin kimya müəssisələrinin fəaliyyəti də dayandırlıb.
O cümlədən, Əhmədov məlumat verib ki, 2019-cu ilin 8 ayı ərzində BNEZ 4,17 mln. ton xam neft emal edib, bu da plan göstəricisindən 20 min ton çoxdur. **
N.Abbasova